Sentyabrın 28–30-da keçirilən beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən bioetika, tibb etikası və səhiyyə hüququ sahəsində çalışan alim və mütəxəssislər bir araya gəliblər. “Tibb etikası və Tibb hüququ” sessiyasında Sevda Kərimova və Yeganə Abbasovanın birgə hazırladığı “Azərbaycan cinayət qanunvericiliyində orqan transplantasiyası: Bioetik problemlər və hüquqi islahat perspektivləri” adlı araşdırma iştirakçıların böyük marağına səbəb olub. Araşdırmanın təqdimatı Sevda Kərimova tərəfindən edilib.
Araşdırmada Azərbaycanda orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi cinayət hüququ və bioetika kontekstində təhlil edilib, mövcud qanunvericilik, hüquqi təminatlar və praktikanın inkişaf istiqamətləri nəzərdən keçirilib.
Məruzədə son illərdə Azərbaycanda bu sahədə əldə olunan nəticələrə xüsusi diqqət yetirilib. Transplantasiya sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, proseslərin koordinasiyasının təkmilləşdirilməsi və hüquqi mexanizmlərin inkişafı istiqamətində atılan addımlar qeyd olunub.
Bu baxımdan, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması və fəaliyyətə başlaması da məruzədə nəzərdən keçirilən məsələlər sırasında yer alıb. Mərkəzin fəaliyyəti çərçivəsində donor və resipiyentlərin koordinasiyası, proseslərin sistemli təşkili və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm işlər barədə məlumat verilib.
Araşdırmada Mərkəzin fəaliyyətə başladığı dövrdən etibarən ölkədə transplantasiya sahəsində əldə olunan nəticələr də diqqətə çatdırılıb. Xüsusilə 2025-ci ildə Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi ölkənin transplantasiya tarixində mühüm hadisə kimi qeyd edilib.
Məruzənin digər istiqaməti Azərbaycanın İnsan orqanlarının qanunsuz dövriyyəsinə qarşı Avropa Şurası Konvensiyasına qoşulması ilə bağlı olub. Azərbaycan sözügedən Konvensiyanı 26 may 2026-cı ildə ratifikasiya edib və sənəd ölkə üçün 1 sentyabr 2026-cı ildə qüvvəyə minib. Konvensiya insan orqanlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, cinayət-hüquqi mexanizmlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından etibarlı hüquqi çərçivə formalaşdırır.
Bu fundamental elmi araşdırmanın dünyanın aparıcı mütəxəssislərinin qatıldığı beynəlxalq platformada təqdim olunması müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın orqan donorluğu və transplantasiyası sahəsində formalaşdırdığı qabaqcıl hüquqi, etik və institusional təcrübənin qlobal miqyasda tanıdılması, həmçinin ölkəmizin bu sahədəki humanist və sistemli addımlarının beynəlxalq səviyyədə yüksək təqdir olunması baxımından mühüm bir addım kimi qiymətləndirilir.